“Palmali” şirkətinin təşəbbüsü ilə Masallıda müasir idman kompleksi inşa ediləcək. Artıq inşaat işləri başlayıb”. Bu sözlər apasport.az saytına “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
“Xəzər Lənkəran” klubun sponsoru olan “Palmali” Şirkətlər Qrupu Cənub bölgəsində idmanın inkişafına hesablanan daha bir layihəyə start verib. Belə ki, istismara yararsız Anatoli Banişevski adına Masallı şəhər stadionu sökülərək, yerində müasir tələblərə cavab verən idman kompleksi inşa ediləcək. Həmçinin, “Masallı" klubunun fəaliyyətini bərpa edəcəyi söylənilir.
Nadirov bildirib ki, yeni arenanın “Xəzər Lənkəran”la heç bir bağlığı olmayacaq: “Bu, “Palmali” Şirkətlər Qrupunun ölkəmizdə idmanın inkişafına verəcəyi növbəti töhfədir. Ola bilər ki, nə vaxtsa ev oyunumuzu orada keçirək. Ancaq stadionun “Xəzər Lənkəran”a heç bir aidiyyatı olmayacaq. Orada yalnız stadionun deyil, müasir idman kompleksinin inşası nəzərdə tutulub. Gələcəkdə “Masallı” klubunun fəaliyyətini bərpa etməsi də istisna deyil. Lakin bu, artıq onların öz işləridir”.
Qeyd edək ki, sonuncu dəfə Masallını futbol üzrə Azərbaycan çempionatının güclülər dəstəsində şəhərin eyni adlı klubu təmsil edib. Lakin bu komanda 2008-ci ildə fəaliyyətini dayandırıb.