“Futbolçuların tətili ilə bağlı yayılan xəbərlər şişirdilib”. Apasport.az xəbər verir ki, bu sözləri “Partizan” klubunun baş katibi Darko Qrubor deyib.
Avroliqanın pley-off mərhələsində “Neftçi”nin rəqibi olan Serbiya klubunun rəsmisi komandadakı problemlərdən danışıb: “Mətbuatda və idman ictimaiyyətində olan fikirlər tam ziddiyyətlidi. “Partizan”ın həqiqətən də böyük problemləri var və heç kim bunu gizlətmir. Burada ən aşkar görünən isə futbolçuların narazılığıdı. Onlar avqustda daxili arenada və beynəlxalq arenada keçiriləcək oyunlar öncəsi daha təmkinli olmalıdırlar. Buna görə də klub rəhbərliyi məsələni qaydasına qoyub futbolçuların pullarını verməli, onların bütün tələblərini yerinə yetirməlidi”.
Qrubor yeni sponsorlar tapmağın vacibliyi vurğulayıb: “Artıq futbolçularla klub rəhbərliyi arasında müəyyən razılıq əldə olunub. Lakin düzünü deyim ki, klubdaxili münasibətlərdən bezmişik. Artıq islahatlar etməyin vaxtıdı. Bu ilin dekabrında kluba yeni əməkdaşlar cəlb olunmalıdı və bu, qaçılmazdı. Futbolçuların borclarının nə vaxt ödənəcəyini deyə bilmərəm. Bu problem 10 ildi davam edir. Bu qədər müddətdi ki, bizim titul sponsorumuz yoxdu. Elə bilirlər ki, komandamız sinəsində reklam olmayan forma ilə çıxıb daha yaxşı oynayacağıq. Amma gec-tez belə sponsor lazımdı”.