“Partizan”ın futbolçusu: Məqsədimiz qol buraxmadan qalib gəlməkdi
19.08.2014 - 15:38
“Partizan”ın futbolçusu: Məqsədimiz qol buraxmadan qalib gəlməkdi

“Ötən həftə komandada baş verənlər bizim üçün əlavə stimul oldu. Biz çətin anda birləşməyi bacardıq və futbolçularla məşqçilər korpusunun vahid komanda olduğunu göstərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun futbolçusu Voislav Stankoviç deyib.

 

27 yaşlı müdafiəçi Avropa Liqasının pley-off mərhələsinin “NMeftçi” ilə ilk oyunu öncəsi komandadakı durumdan danışıb: “Bütün bunlar “Radniçki” ilə qarşılaşmadakı uğurla nəticələndi. Bununla da “Neftçi” ilə oyun öncəsi toparlandığımızı göstərdik. Son 9 rəsmi matçda uduzmamışıq. Hətta “Ludoqorets”lə dueldə mübarizəni məğlubiyyətsiz dayandırdıq. Əlimizdən gələni edəcəyik ki, Avropa Liqasının qrupuna düşək. Buna görə də “Neftçi” ilə ilk oyunda münasib nəticə qazanmalıyıq. Belə etməliyik ki, cavab matçına rahat çıxa bilək. Əvvəl mənə elə gəlirdi ki, ilk oyunu evdə oynamaq yaxşıdır. Amma indi cavab oyununun öz meydanında keçirilməsinin daha yaxşı olduğunu görürəm. Ən azı “Partizan” nümunəsində belə demək mümkündür. Belqradda mərhələ adlamaq üçün kifayət edə biləcək üstünlük qazanmalıyıq”.

 

2 il əvvəl Avropa Liqasının qrup mərhələsində “Neftçi”yə qarşı oynamış Stankoviç həmin qarşılaşmaları xatırlayıb. 5 ildi “Partizan”ın formasını geyən Stankoviç avqustun 21-də keçirilən ilk oyundakı hədəflərini də açıqlayıb: “Neftçi” iki il əvvəlki qarşılaşmalarda müdafiəni düşünən komanda təsiri bağışlamışdı. Xüsusilə də ilk görüşdə Azərbaycan təmsilçisi qol buraxmamaq haqda düşünürdü. Onlar 10 nəfərlə 90 dəqiqə müdafiə olundular. Biz isə çoxsaylı qol imkanlarını qaçırdıq. İkinci oyunda da onlar bizim gözlədiyimizdən az hücum etdi. Bu müddətdə “Neftçi”nin nə qədər dəyişdiyini deyə bilmərəm. Biz onları hələ təhlil edəcəyik ki, buna uyğun taktika quraq. İlk oyunda məqsədimiz qol buraxmadan qalib gəlməkdi. Bunu bacarmağımız əla olardı. Onda Bakıda bizi heç-heçə də qane edəcək. Lakin bu haqda çox danışmaq istəmirəm. Hər şeyi oyun göstərəcək”.