“Bu gün Robert Prosineçki ilə görüşməyi düşünürdük. Lakin buna ehtiyac qalmadı. Çünki baş məşqçi sabah Türkiyəyə gedəcək. Biz də özümüz yığışıb müzakirə apardıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
O bildirib ki, Prosineçki ilə Antalyada görüşəcəklər: “Ayın 14-də biz də Türkiyəyə gedəcəyik. Baş məşqçi ilə görüşlərimiz orda baş tutacaq. Həm futbolçu seçimi, həm də U-21 yığmasına baş məşqçi məsələsini müzakirə edəcəyik. Yəqin ki, yaxın 10-15 gündə U-21-in yeni baş məşqçisi məlum olar”.
Qeyd edək ki, Məşqçilər Komitəsi U-21-in baş məşqçisi postuna 4 namizədin adını verib. Bunlar Nazim Süleymanov, Yaşar Vahabzadə, Əsgər Abdullayev və Şahin Diniyevdi.