“Qalatasaray” başqanlığına sürpriz namizəd
31.03.2014 - 22:29
“Qalatasaray” başqanlığına sürpriz namizəd

 

“Qalatasaray”da erkən seçkilər tələbi səsləndiyi bir zamanda başqanlığa sürpriz namizədin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının keçmiş başqanı Haluk Ulusoy artıq namizədlik yarışına qoşulub.

 

“Qalatasaray”ın hazırkı başqanı Ünal Aysala klub daxilindəki müxalifət erkən seçkilər keçirilməsini tələb edir. Başqanlığa namizədlər arasında Adnan Öztürk və Əli Dürüstün adları çəkildiyi bir zamanda, Haluk Ulusoyun da erkən seçkilərdə namizədliyini irəli sürəcəyi barədə xəbər şok effekti yaradıb.

 

Türkiyə mətbuatının yazdığına görə, Ulusoy “Qalatasaray” tarixində ən önəmli şəxslərdən biri olan Əbdürrəhim Albayrağı da yanına gətirməyi planlaşdırır. Maraqlıdır ki, həm Öztürk, həm də Əli Dürüst Albayrağın adını komandasına daxil edib. Onların hər ikisi Ünal Aysal başqan olandan sonra “Qalatasaray”ın idarə heyətindən ayrılıblar.

 

Haluk Ulusoyun yaxın günlərdə seçki hazırlıqlarını tezləşdirəcəyi və komandasını quracağı deyilir. Qeyd edək ki, Ulusoy ötən seçkilərdə də namizədliyini irəli sürəcəyini açıqlamış, lakin Aysalın da namizəd olacağını eşidəndən sonra seçimdən geri çəkilmişdi.