“Qalatasaray”ın daha bir ulduzu komandanı tərk edəcək
01.04.2014 - 20:05
“Qalatasaray”ın daha bir ulduzu komandanı tərk edəcək

“Qalatasaray”da yerli və xarici futbolçular arasında yaşanan narazılıq pik nöqtəsinə çatmaqdadır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, narazılığın ilk qurbanı olan hollandiyalı Sneyder mövsümün sonunda komandadan ayrılmağı planlaşdırır.

 

“Qalatasaray” bu mövsüm oynadığı futboldan çox komandadakı gərginliklər, o cümlədən yerli və xarici futbolçular arasında narazılıqla yadda qalıb. Məşq zamanı Gökhan Zanla Melo arasında dartışmadan sonra Zanın “Biz sizə hörmət ediriksə, siz də bizə hörmət etməlisiniz” deməsi bunu sübut edir.

 

Hollandiyalı Sneyderin Türkiyə kubokunda “Bursaspor”a qarşı oyunda qol vurandan sonra onu təbrik etməyə gələn Səlcük İnan və Ümit Bulutu itələyərək əvvəlcə Melo və Tellesi qucaqlaması da diqqətlərdən yayınmamışdı. “Qalatasaray”a gələn zaman baş məşqçi Fatih Terimlə arasında narazılıq olan, zəif oyununa görə şərhçilər tərəfindən tənqid edilən, sosial şəbəkələrdə isə azarkeşlərlə sözləşən Sneyderin mövsümün sonunda komandanı tərk etmək istədiyi ortaya çıxıb.

 

Bəzi məlumatlara görə, “Mançester Yunayted”in baş məşqçisi Devid Moyes onu komandasına aparmaqda israrlıdır. Eyni zamanda, “İnter”də bir yerdə çalışdığı Joze Mourinyo da Sneyderin ünvanına təriflər yağdıraraq, onu “Çelsi”də görmək istəyir. Hollandiya millisinin baş məşqçisi Lui van Qalın ona “Türkiyə çempionatından daha böyük çempionatda oyna”» deməsinin isə Sneyderin “Qalatasaray”ı tərk etmək qərarında həlledici olduğu vurğulanır.

 

Türkiyə mətbuatı yazır ki, Sneyder Braziliyada keçiriləcək dünya çempionatından sonra komandanı tərk edəcək. O, dünya çempionatı zamanı özünü göstərərək, qiymətini artırmaq niyyətindədir.