“Qalatasaray”ın Braziliyanın “Gremio” klubundan aldığı və oyunu ilə diqqət çəkən Aleks Telles “Real Madrid”in transfer siyahısına salınıb. Apasport.az saytının məlumatına görə, Telles həm də Avropada oynayan cənubi amerikalı futbolçuların ilk 11-də yer alıb.
“Real Madrid” rəhbərliyinin portuqaliyalı Koentraonun yerinə axtarışlara başladığı və bu yerə ilk namizədin “Qalatasaray”ın oyunçusu Aleks Telles olduğu iddia edilir. Məlumata görə, baş məşqçi Karlo Ançelotti Koentraodan istədiyini ala bilmədiyindən Marselonun yanında oynaya biləcək başqa bir futbolçu axtarışına çıxıb. Köməkçiləri ona Aleks üçün hazırladıqları dosyeni təqdim ediblər və Ançelotti bu transferə müsbət yanaşıb. Braziliyalı futbolçunun “Qalatasaray”da yarım mövsüm oynayandan sonra Madridə doğru üz tuta biləcəyi bildirilir.
Bəzi məlumatlara görə, “Real”ın rəhbərliyi hələ “Gremio”da oynadığı zaman Aleks Tellesi izləyib. Onun Avropa futboluna tez bir zamanda uyğunlaşması madridlilərin işinə yarayıb. İspaniya mətbuatı iddia edir ki, “Real” Telles üçün “Qalatasaray”a 20 milyon avroluq təklif irəli sürəcək.