Rumıniya millisinin futbolçusu Boqdan Stanku çıxış etdiyi Türkiyə təmsilçisi “Gənclərbirliyi”nin “Xəzər Lənkəran”la oyunundan əvvəl həmyerlisi Adrian Skarlatake ilə görüşüb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”dakı çıxışları ilə tanınan 27 yaşlı cinah yarımmüdafiəçisi vətənində verdiyi müsahibədə Adrianla söhbətindən də bəhs edib.
Stanku bildirib ki, Antalyada baş tutan yoxlama oyununda zədə təhlükəsi ilə üzləşməmək üçün Skarlatakeyə müraciət edib: “Xəzər Lənkəran”la oyundan əvvəl Adrian Skarlatake ilə söhbət etdim. Mən onu “Dinamo”da oynadığı vaxtlardan tanıyıram. Ona məsləhət gördüm ki, bir az ehtiyatlı oynayıb, bir-birimizi zədələməyək. Mən sabiq “Styaua”lı, o isə “Dinamo”çu olsa da, bu rəqabəti ölkə xaricində unutmalıyıq. Axı görüşümüz adi yoxlama matçı idi”.
Qeyd edək ki, “Gənclərbirliyi” – “Xəzər Lənkəran” oyununda türkiyəlilər 2:0 hesabı ilə qalib gəliblər. Matçda hesabı məhz Stanku açıb.