Topaz Premyer Liqasının XX turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Qarabağ” matçının baş hakimi Əliyar Ağayev qonaq komanda üçün düşərli simadır. Apasport.az saytının məlumatına görə, FİFA referisi cari çempionatda Ağdam klubunun qələbə qazandığı 4 görüşü idarə edib.
Ağayevin “Qarabağ”ın cəmi 5 oyununda fit çaldığını nəzərə alsaq, bu kifayət qədər cəlbedici göstəricidir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Əliyarın söz sahibi olduğu duellərdən yalnız birində - “Simurq”la səfər qarşılaşmasında 3 xal qazana bilməyib (0:0).
Maraqlıdır ki, ilk iki dövrədə “Qarabağ”la “Qəbələ” arasında baş tutan hər iki oyunu məhz Ağayev idarə edib. Rəqibini səfərdə 1:0 hesabı ilə üstələyən ağdamlılar, evdə də güclü olublar – 4:3.
Əliyarın iştirakı ilə “Qarabağ”a boyun əyən digər komandalar “Bakı” ilə “İnter”dir. Əyalət təmsilçisi hər iki rəqibini evdə müvafiq olaraq, 1:0 və 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Ağayevin ayağı “Qarabağ”la yanaşı, bu komandanın futbolçusu Vüqar Nadirov üçün də düşərlidir. Belə ki, millimizin üzvü Ağdam təmsilçisinin qalib gəldiyi sözügedən 4 oyunun hərəsində 1 qol vurub.
Qeyd edək ki, Ağayev cari çempionatda “Qəbələ”nin 6 oyununu idarə edib. Bu görüşlərdən 3-də qələbə qazanan əyalət klubu, 3 dəfə də məğlubiyyət acısız yaşayıb.