Topaz Premyer Liqasının qış çempionu “Qarabağ” üçün 2014-cü il fərqli başlayıb. Apasport.az saytının məlumatına görə, əvvəl öz meydanında mövsümü orta səviyyədə keçirən “Xəzər Lənkəran”a uduzan Ağdam təmsilçisi ardınca səfərdə liderliyi ələ keçirən “Qəbələ”ni məğlub etdi.
Hər ikisi 0:1 hesabı ilə nəticələnən matçlar “Qarabağ”ı yenidən zirvəyə daşıdı.
Bu nəticələr komandanın yalnız bir futbolçudan asılı olması haqda formalaşan fikirləri bir daha təsdiqlədi. Rəşad Sadıqovun təkcə komandanın kapitanı və lideri deyil, həm də yarısı olması, ilk 2 qarşılaşma da təsdiqini tapdı. Onun meydana çıxmadığı görüşdə “Qarabağ” zəif təsir bağışlayıb, sonda uduzdu.
Əməliyyatdan sonra məşqlərə yeni başlayan, hətta bu səbəbdən Antalya toplanışından lazımınca yararlanmayan müdafiəçi Qəbələdəki görüşə tam hazır olmasa da, meydana çıxdı. Nəticədə komandası zirvəni qaytarmaq üçün mübarizədən qalib ayrıldı. Maraqlıdır, görəsən “Qarabağ”ın kapitandan asılılığı həqiqətdə nə qədərdir?
Bunun üçün Rəşadın cari mövsüm meydana çıxmadığı oyunların nəticələrinə baxmaq kifayətdir.
20 turda 13 matç keçirən kapitan 7 dəfə “Qarabağ”a kömək etməyib. Nəticəsi isə 2 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət. 6 heç-heçədən üçünü, 3 məğlubiyyətdən ikisini Sadıqovsuz alan lider kapitanı olmadığı 7 matçda 12, digər 13 turda 9 xal itirib. Yəni, Rəşadın meydana çıxdığı görüşlərdə komandası mümkün olan xalların 77 faizini toplayırsa, onu yoxluğunda bu rəqəm 43-ə enir.
Rəşadın olmadığı son 5 matçda qələbə qazanılmayıb. Startda yoxluğu hiss olunmayan müdafiəçidən bağlılıq mövsümün gedişində artır. Belə ki, Sadıqovun olmadığı ilk 2 qarşılaşmada qalib gələn, sonra 3 heç-heçə edən Qarabağ” son iki belə görüşdə xal qazana bilməyib. XVII turda “Bakı”, XIX turda isə “Xəzər Lənkəran” ağdamlıları məğlub etmişdi.
“Qarabağ” – kapitansız heç nə...
11.02.2014 - 00:01
0
0