“Qarabağ” və “Qəbələ” ilə oyunda fərqlənən hücumçular “eyni” komandada
26.10.2015 - 13:45
“Qarabağ” və “Qəbələ” ilə oyunda fərqlənən hücumçular “eyni” komandada

İtaliyanın məşhur “La Gazetta Dello Sport” nəşri ötən həftəsonu Avropanın daxili çempionatlarında ən yaxşı çıxış etmiş futbolçulardan ibarət heyət müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, simvolik “11-lik”də Azərbaycan futboluna tanış olan iki oyunçu da var.

 

Bunlar Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanq və “Tottenhem”in forvardı Harri Keyndi. 3-4-3 taktiki sxemdə bu oyunçular “Rayo Valyekano”lu Xavi Querra ilə birlikdə hücum xəttində yer alıblar. Obameyanq Bundesliqanın X turunda “Auqsburq”la, Keyn isə Premyer Liqanın X turunda “Burnemut”la qarşılaşmada het-trik edərək simvolik heyətə düşüb. Maraqlıdı ki, hər iki komanda rəqibini 5:1 hesabı ilə məğlub edib.

 

“La Gazetta Dello Sport”un simvolik “11-liy”i belədi: Keylor Navas (“Real”, İspaniya) – Roderik Filippi (“Ayaçço”, Fransa), Yulian Korb (“Borussiya”, Mönhenqladbax, Almaniya), Aron Kressvell (“Vest Hem”, İngiltərə) – Santi Kazorla (“Arsenal”, İngiltərə), Yevgeni Konoplyanka (“Sevilya”, İspaniya), Matyu Valbuena (“Lion”, Fransa), Okay Yokuşlu (“Trabzonspor”, Türkiyə) – Xavi Querra (“Rayo Valyekano”, İspaniya), Pyerr-Emerik Obameyanq (“Borussiya”, Dortmund, Almaniya), Harri Keyn (“Tottenhem”, İngiltərə).

 

Qeyd edək ki, Obameyanq oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə Bakıdakı matçda 3 qola (3:1) imza atmışdı. Keyn isə sentyabrın 19-da “Qarabağ”la Londondakı qarşılaşmada “Tottenhem”in (3:1) qələbəsinə 1 məhsuldar ötürmə ilə töhvə vermişdi.