AFFA-nın İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında Topaz Premyer Liqasının XX turunun “Xəzər Lənkəran” - “Neftçi” oyunu ilə yanaşı, digər qarşılaşmalarda baş verənlər də müzakirə edilib. Apasport.az saytının məlumatına görə, İK turun digər 4 matçından 3-də yaşananlara da hüquqi qiymət verib.
AZAL – “Sumqayıt” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Qəbələ” – “Qarabağ” oyununda isə qonaqlar eyni səbəbdən 1000 manat ziyana düşəcək. Görüşün 80-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə ödəməlidir.
“Rəvan” – “İnter” qarşılaşmasında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 1000 manat ziyana düşüb. Matçın 44-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Hüseyn Axundov ikinci sarı vərəqə üzündən meydandan qovulduğu üçün 1 oyunluq cəzalanıb və komandasını 200 manat xərcə salıb.