Topaz Premyer Liqasında çempionluq intriqası ölmək üzrədi. Apasport.az saytının məlumatına görə, turnir cədvəlində 1-ci pillənin “Qarabağ” tərəfindən “özəlləşdirilməsi” əsas diqqəti digər mükafatlar uğrunda mübarizəyə yönəldib.
Ağdam təmsilçisi artıq 17 turdu zirvədədi. “Taxta” 12-ci turda yüksələn Qurban Qurbanovun yetirmələri IV dövrənin birinci – ümumilikdə XXVIII turunu da zirvədə tamamlayıb. Ən yaxın izləyicisi “İnter”i 7 xal qabaqlayan “Qarabağ” bundan sonra bütün oyunları uduzsa belə, ən azı 3 tur da 1-ci pillədə tamamlayacaq.
Komanda sonuncu dəfə “Araz-Naxçıvan” çempionatda çıxışını dayandırdığı üçün xallar silinən zaman 2-ci pilləyə düşmüşdü. XII turda isə onlar zirvədəki “Neftçi”ni taxtdan salmışdılar.
Apasport.az saytı son 11 mövsümün – futbolumuzda canlanmanın başladığı 2004-cü ilin yayından sonrakı çempionatlardakı uzunmüddətli liderlərlə bağlı araşdırma aparıb. Məlum olub ki, son 11 ildə ən uzun müddətli lider “Neftçi” olub.
2011/12 mövsümünün XIV turunda zirvəyə qalxan “ağ-qaralar” 32 turluq çempionatı qızıl medallarla tamamlayıb. Paytaxt təmsilçisinin 19 turluq liderlik rekordunun “Qarabağ” tərəfindən yenilənəcəyi artıq dəqiqdi. Sadəcə, bunun rəsmiləşməsi üçün XXXIII turu gözləmək lazımdı.
Ümumiyyətlə, çempionlar əksər hallarda uzun müddət əlində saxladığı liderliklə qızıla qovuşublar. 2013/14 mövsümündə - XX turda lider olan “Qarabağ” 17 tur saxladığı mövqeni fəxri kürsüdə qeyd edib. 2010/11 mövsümündə 14, 2012/13 mövsümündə 12 tur öndə qalan “Neftçi” marafonun sonunadək mövqeyini heç kimə verməyib. Onlar 4 il əvvəl XIX, 2 il öncə isə XXI turda zirvəyə yüksəlib, çempionluğu 32 turun yekununa qədər qoruyub.
Amma heç də bütün komandalar mövsümboyu daha çox daşıdığı liderlik məsuliyyətinin öhdəsindən gələ bilməyib. 2007/08 mövsümündə isə ən acınacaqlı üzüntü qeydə alınıb. X turda lider olan və 16 tur mövqeyini qoruyan “Olimpik” çempionluqla sonda vidalaşıb. Sonuncu XXVI turda “Qarabağ”a uduzan bakılılar “İnter”in qızıl medal qazanması ilə barışıb. 2011/12 mövsümündə isə “Xəzər Lənkəran” startda önə keçib. Cənublular 12 tur (II-XIII) zirvədə qalsa da, sonra mövqeyini itirib.
Qeyd edək ki, araşdırma zamanı hər tur başa çatdıqdan sonrakı turnir cədvəlləri əsas götürülüb. Turun gedişində bir neçə saat və ya günlük liderlik, həmçinin təxirə salınan oyundan sonrakı vəziyyət nəzərə alınmayıb.