Sabah Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda mübarizəyə qoşulacaq. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin II təsnifat mərhələsinin ilk oyununda qüvvəsini sınayacaq.
Ağdam klubu Monteneqronun “Rudar” klubu ilə qarşılaşacaq. Ardıcıl 2-ci dəfə Çempionlar Liqasında çıxış edən “Qarabağ” mövsümə ev oyunu ilə başlayacaq.
Ötən mövsüm Avropa Liqasının qrupunda çıxış edən çempionumuz qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə doğru ilk addımını Bakıda atacaq. Təmsilçimizin ilk sınağı Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Ötən il II təsnifat mərhələsini iki qələbəylə başa vuran ağdamlılar yenə eyni uğuru təkrarlayıb, növbəti raunda yüksəlmək iddiasındadı. Çempionlar Liqasındakı debüt mövsümündə 4 matça çıxan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində yubiley – 5-ci görüşünə çıxacaq.
“Qarabağ” “Rudar”la matça iki fərqli seriya ilə çıxacaq. Çempionlar Liqasındakı ev oyunlarında qələbələri sıralayan təmsilçimiz ardıcıl 3-cü dəfə azarkeşlərini sevindirməyə çalışacaq.
Avrokuboklarda isə son 4 ev matçında qələbə həsrətində olan Qurbanovun yetirmələri bu dəfə Respublika stadionuna toplaşan azarkeşləri sevindirmək əzmindədi. Sonuncu qələbəsini məhz Çempionlar Liqasında qazanan “Qarabağ” “Rudar”la qarşılaşmanın da taleyini ilk matçda həll edə bilər. Çünki komandamız böyükhesablı qələbə qazanmağa nail olsa, böyük ölçüdə mərhələ adlamaq vəzifəsini həll edəcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun, 15 iyul
21:30. “Qarabağ” (Ağdam, Azərbaycan) – “Rudar” (Plyevija, Monteneqro)
Baş hakim: Sebastyan Koltesku (Rumıniya)
Baş hakimin köməkçiləri: Radu Ginquleak, Mirça Qriqoriu (hər ikisi Rumıniya)
Dördüncü hakim: Katalin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)
Hakim-isnpektor: Vladimir Petrov (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu