“Qarabağ”ın məşqçisi: Dəyişiklik Qurban Qurbanovun istəyi ilə olub
16.01.2015 - 09:46
“Qarabağ”ın məşqçisi: Dəyişiklik Qurban Qurbanovun istəyi ilə olub

“Hollandiya səfərimiz yaxşı keçir. Dünən bütün günü “Utrext”in bazasında olmuşuq. Onların akademiyası, məşq prosesi ilə yaxından tanış olduq. Həqiqətən də, Avropada infrastruktur tamam başqadı”. Bu sözləri apasport.az saytına açıqlamasında Aftandil Hacıyev deyib.

 

“Qarabağ”ın aşağı yaş qruplarının məşqçiləri ilə birgə Hollandiyaya yollanan Hacıyev bu ölkənin futbol infrastrukturu haqda ağızdolusu danışıb. O, bu gün “Ayaks”ın düşərgəsini ziyarət edəcəklərini qeyd edib: “Bilirsiz ki, Hollandiyada “Utrext”dən əlavə, “Ayaks”, PSV və “Feyenord”un bazasında olacağıq. Bu gün növbə “Ayaks”ındı. Hamımız üçün bu gün maraqlı olacaq. Çünki “Ayaks”ın uşaq akademiyası dünyada ən yaxşılardandı. Onların akademiyası, bazası, strukturu ilə yaxından tanış olmaq bizə əlavə bilgilər verəcək”.

 

Borçe Xristovun bu günlərdə göndərilməsindən sonra “Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi təyin edilən Aftandil Hacıyev bu barədə də danışıb: “Uzun müddət idi ki, Borçenin köməkçisi işləyirdim. İndi məsuliyyətim daha da artdı. Xristovun göndərilməsinin əsl səbəbini bilmirəm. Yalnız onu deyə bilərəm ki, bu dəyişiklik baş məşqçi Qurban Qurbanovun istəyi ilə olub”.