“Qarabağ”ın Nyon perspektivi...
01.12.2014 - 18:05
“Qarabağ”ın Nyon perspektivi...

Avrokuboklarda mübarizəni davam etdirən “Qarabağ” mövsümün ikinci yarısınadək irəliləməyin bir addımlığındadı. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin sonuna 1 tur qalmış 1/16 finala çıxmaq şansına malik Ağdam təmsilçisi buna nail olsa, mübarizəni gələn il davam etdirəcək.

 

Belə hal isə Azərbaycan futbolu tarixində yaşanmayıb.

 

Amma bunun üçün ilk növbədə İtaliya “İnter”i ilə dekabrın 11-də baş tutacaq oyunda qalib gəlmək lazımdı. Bakıdakı görüşdə 1 xal qazanılsa, Ukraynada isə “Dnepr”lə “Sent-Etyen” bərabərliyə qalsa da, “Qarabağ”ın qarşısında Nyonun qapıları açılacaq.

 

Hazırda təmsilçimiz İsveçrənin bu şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında keçiləcək növbəti püşkatma perspektivinə malikdi. Bunun nə vəd etdiyi də artıq məlumdu.

 

Söhbət dekabrın 15-də keçiriləcək mərasimdən gedir. Həmin gün Nyonda Avropa Liqasının birdən-birə iki mərhələsinin püşkü atılacaq.

 

Əvvəl 32 komanda iki səbətə bölünəcək. Avropa Liqasının qrup mərhələsində qalib gələnlər 1-ci, ikinci yer sahibləri isə 2-ci səbətdə qərarlaşacaq. Bu “12-lik”lərə Çempionlar Liqasının qrup üçüncüləri də qoşulacaq. Sonuncular arasında ən yüksək reytinqli 4 komanda 1-ci, digər 4 klub isə 2-ci səbətdə olacaq.

 

Göründüyü kimi, “Qarabağ” mərhələ adlasa, digər 11 qrupun ikincisi, həmçinin qitənin ən nüfuzlu klub turnirinin üçüncülərindən 4 ən zəifi ilə eyni səbətdə yer alacaq. Bu isə Azərbaycan çempionuna 1-ci səbətdən rəqib vəd edir.

 

Amma bu püşkdə müəyyən tələblər var. Eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar bir-biri ilə görüşə bilməz. Deməli, “Qarabağ” İtaliya “İnter”i ilə 1/16 finalda qarşılaşmayacaq. Digər 11 qrupun qalibi və Çempionlar Liqasından gələn yüksək reytinqli qrup üçüncüləri təmsilçimizin perspektivdə gözləyənlərdi.

 

Moskva “Dinamo”su (Rusiya), “Fiorentina” (İtaliya), “Eveton” (İngiltərə), “Zalsburq” (Avstriya) potensial rəqiblər sırasında yerini təmin edibsə, “Legiya” (Polşa), Kiyev “Dinamo”su (Ukrayna), “Napoli” (İtaliya), “Feyenoord” (Hollandiya), “Tottenhem” (İngiltərə), “Borussiya” (M, Almaniya), “Brügge” (Belçika) də qrup liderliyini qorusa, onlara qoşulacaq. Çempionlar Liqasının üçüncülərindən yalnız “Anderlext”ın Avropa Liqasına gələcəyi dəqiqləşib. Buna görə də onların hansı səbətdə olacağı bilinmir.

 

1/16 finalın oyunları martın 19-da və 26-da keçiriləcək. Əsasnaməyə görə, 2-ci səbətdə yer alanlar ilk oyunda meydan sahibi olacaq.