“Anderlext” liderliyə yüksəldi
26.10.2015 - 08:30
 “Anderlext” liderliyə yüksəldi

Belçika çempionatında XII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Anderlext” ölkənin digər tanınmış klubu “Brügge”ni qəbul edib.

 

Meydan sahibləri bu matçda çətinlik çəkmədən qalib gəlib – 3:1. Brüssellilərin qollarını 12-ci dəqiqədə Stefano Okaka-Çuka, 47-ci dəqiqədə İmo Ezekiel, 10 dəqiqə sonra isə Dennis Praet vurublar. Hesab 3:0 olduqdan sonra “Brügge” yalnız təsəlli qolu vurmağı bacarıb.

 

Bu qələbədən sonra xal hesabını 25-ə çatdıran “Anderlext” liderliyə yüksəlib. Buna XII turdan əvvəl paytaxt klubunu 1 xal qabaqlayan sabiq liderlər – “Gent”lə “Ostende”nin öz aralarında heç-heçə (2:2) etməsi səbəb olub. Nəticədə “Qarabağ”ın rəqibi zirvəni ələ keçirib və minimal fərqlə izləyicilərini qabaqlayır.

 

Qeyd edək ki, XIII turun oktyabrın 29-da baş tutacaq oyununda “Anderlext” səfərdə “Kortriyk”lə görüşəcək.