“Qarabağ”la oyun çox çətin keçdi. Qələbə qazanmaq istəyirdik, amma alınmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun futbolçusu Dieqo Madriqal deyib.
Topaz Premyer Liqasının II turunda “Qarabağ”la qolsuz bərabərliklə başa çatan qarşılaşma haqda fikirlərini açıqlayan kosta-rikalı legioner isti havada oynamağın çətin olduğunu bildirib: “Matçın başlandığı vaxt hava çox isti idi. Bəzən Kosta-Rikada da saat 18:00-da çempionat oyunları olur. Oynamaq müəyyən mənada asan deyildi. Ancaq hava şəraitinə baxmayaraq, biz ardıcıl ikinci qələbəmizi qazanmaq istəyirdik. Şanslarımız da oldu. Ancaq gəl ki, bunlardan yararlanmaq müyəssər olmadı”.
25 yaşlı futbolçu oyun ərzində “Qarabağ” azarkeşləri ilə problem yaşamasından və vurduqları qolun sayılmamağına da toxunub: “Azarkeşləri başa düşə bilmədim. Nə olmuşdusa, oynadığım cinaha yaxın olan adamlar top məndə olanda hay-küy salırdılar... Fikrimcə, son dəqiqələrdə vurduğumuz qolda hakimlər səhvə yol verdi. Bu, oyundankənar vəziyyət deyildi. Hakimlərin qərarına hörmətlə yanaşıram. Ancaq mən həmin epizodda rəqibdən qabaqda olan futbolçumuzu görmədim”.
Səbuhi TOFİQOĞLU