[b]“Qaziantep BB” rəsmisi: Rəhman Hacıyevin komandamıza faydalı olacağını düşünürəm[/b]
08.07.2014 - 09:00
[b]“Qaziantep BB” rəsmisi: Rəhman Hacıyevin komandamıza faydalı olacağını düşünürəm[/b]

Türkiyənin “Qaziantep BB” klubu heyətinə 2-ci azərbaycanlı futbolçunu qatıb. Apasport.az saytının məlumatına görə, I dəstə klubu Vaqif Cavadovun ardından “Bakı”dan Rəhman Hacıyevi də transfer edib.

İyulun 25-də 21 yaşını tamamlayacaq Rəhmanın müqavilə imzalama mərasimi klubun bazasında baş tutub. İmzalanmada “Qaziantep BB”nin prezidenti Abdülkadir Gözəgir və klubun futbol sahəsi üzrə sorumlusu Çətin Katırcıoğlugil iştirak edib. Hacıyev Türkiyənin I dəstə klubu ilə 1 illik müqavilə imzalayıb. Bundan sonra futbolçumuz Gözəgirə ötən ilin yazında “Azerbaijan All Star” ilə Madrid “Atletiko”su arasında keçirilən matçda geydiyi “99” nömrəli formanı hədiyyə edib.

Klubun mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz isə mətbuata verdiyi açıqlamasında rəhbərliyin güclü bir heyət qurmağa çalışdığını bildirib və futbolçumuz haqqında bunları söyləyib: “Özü 21 yaşındadır və ölkəsinin milli komandasında da oynayır. Gələcək illərdə komandamıza çox faydalı olacağını düşünürəm”.

Qeyd edək ki, Rəhman Hacıyev 4 il əvvəl də Türkiyənın I dəstəsində oynamağa yaxın olub. O, “Bakı” tərəfindən Cüneyt Biçərin işlədiyi “Altay”a 3 illiyə icarəyə verilmişdi. Ancaq həmin vaxt 17 yaşı olan futbolçunun valideynlərinə oturum izni alına bilmədiyi üçün müqavilə çox keçməmiş ləğv olunmuşdu.