Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq prosesini yekunlaşdırıb. Apasport.az klub saytına istinadən xəbər verir ki, toplanış çərçivəsində son - üçüncü matçda Hüseynqulu Quliyevin yetirmələri Şotlandiyanın U-15 millisi ilə qarşılaşıb.
Maraqlı mübarizə şəraitində keçən oyun şotlandların 7:4 hesablı qələbəsi ilə başa çatıb. "qırmızı-qaralar" matçın gedişində 4:2 hesabı ilə önə keçsə də, üstünlüyünü sonadək qoruya bilməyib. Təmsilçimizin heyətində Fərid Nəbiyev (2) və Murad Qayalı (2) fərqlənib.
Xatırladaq ki, "Qəbələ" ilk matçda İsveçrənin "Dietikon" (4:4), ikinci matçda isə Danimarkanın HB Koge (3:0) kollektivi ilə qarşılaşıb. "Qırmızı-qaralar" bu gün gecə saatlarında vətənə dönəcək.