“Qəbələ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar" sabah iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Belə ki, Roman Qriqorçukun yetirmələri əvvəlcə Türkiyə PTT I liqasında mübarizə aparan və "Rəvan"ın sabiq baş məşqçisi Güvənc Kurtarın çalışdırdığı "Adanaspor"u sınağa çəkəcək. Bu görüş Bakı vaxtı ilə saat 16:00-da start verəcək.
Təmsilçimiz daha sonra Ukrayna Premyer Liqa təmsilçisi "Vorskla" ilə qarşılaşacaq. “Qəbələ”nin bu matçı isə Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Hollandiyanın PSV klubunun 2-ci komandası ilə 0:0 hesablı bərabərə qalıb. “Qırmızı-qaralar” 2-ci hazırlıq matçında Türkiyə “Əskişəhərspor”una 1:3 hesabı ilə uduuzb.