“Qəbələ” hollandiyalı mütəxəssislə anlaşdı
17.01.2014 - 14:36
“Qəbələ” hollandiyalı mütəxəssislə anlaşdı
“Qəbələ” Futbol Akademiyasına yeni fizioterapevt təyin olunub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, bu, hollandiyalı Henk Şolinqdir.


1964-cü il martın 5-də Hollandiyanın kiçik Anloo qəsəbəsində anadan olan 49 yaşlı mütəxəssis zəngin iş təcrübəsinə malikdir. Henk əmək fəaliyyətinə 1984-cü ildə Herenven şəhərinə təmsil edən və ölkənin I divizionunda mübarizə aparan “Zvolle” komandasında başlayıb. O, klubun əsas və gənclərdən ibarət komandasında məşqçi kimi çalışmaqla futbol sahəsində ilk addımlarını atıb. 4 il “PEC-Zwolle”də çalışan Şolinq 1990-2000-ci illərdə “Vitess” klubunda fizioterapevt kimi çalışıb. Maraqlıdır, mütəxəssis 1993-cü ildə Hollandiya Voleybol Federasiyasından təyinat alıb və ölkəsinin kişilərdən ibarət əsas komandasında da fizioterapevt kimi fəaliyyət göstərib.

2001-2003-cü illərdə Arnhem şəhərində yerləşən Papendal Milli Tibbi İdman Mərkəzində (National Sports Medical Center Papendal) fizioterapevt kimi çalışıb. O, 2003-cü ildə “Utrecht” klubunun əsas komandasının fizioterapevti təyin edilib və bir il bu vəzifədə çalışıb.

2004-cü ildən bu günlərədək zədələrlə bağlı futbolun təhlili, zədələrin baş verməsi səbəbləri və onların profilaktikası, eləcə də fizioterapiya sahəsində təlimat və vəsaitlərin hazırlanması ilə də məşğul olub. Ümumilikdə, idmana və aktiv həyat tərzinə üstünlük verən Henk Şolinq qaçış, xizəkdə sürüşmə və başqa idman növlərinə maraq göstərir.