“Qəbələ” iki futbolçunu geri göndərdi
14.01.2015 - 13:00
“Qəbələ” iki futbolçunu geri göndərdi

“Vyaçeslav  Lıçkinin “Qəbələ”yə gətirdiyi 2 uşağa baxıldı. Onları geri göndərdik. Hələ ki, o uşaqlar haqda yekun qərar verilməyib. Amma ilk təəssürat müqavilə bağlayacaq səviyyədə olmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin Futbol Akademiyasının direktor müavini Nail Kərimov deyib.

 

Azərbaycan yığmasının sabiq üzvü Vyaçeslav Lıçkinin Sankt-Peterburqdan gətirdiyi 15 yaşlı azərbaycanlılar - Çingiz Rəsulov və Nurlan Xəlilov “Qəbələ” Akademiyasının məşqçiləri tərəfindən baxışdan keçiblər. İlk baxışdan ümidləri o qədər də doğrultmasalar da, “Qəbələ”li məşqçilər həmin uşaqları diqqətdə saxlayacaqlar. Bundan əlavə, klub Lıçkinlə əməkdaşlığı davam etdirəcək.

 

Kərimovun sözlərinə görə, “Qəbələ”nin bu məsələ ilə bağlı planları var: “Bu hələ ki, tanışlıq mərhələsi idi. Amma qabaqda planlar var. Həmin bölgədə çoxlu azərbaycanlılar yaşayır. İstəyirik ki, Lıçkin bizim üçün informator kimi işləsin”.