“Qəbələ” Qana klubuna uduzdu
23.01.2015 - 23:12
“Qəbələ” Qana klubuna uduzdu

“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Qazaxıstanın “Tobol” və Almaniyanın “Freyberq” klubları ilə görüşən Luis Araqonun komandası bu dəfə Afrika təmsilçisi ilə üz-üzə gəlib.

 

Belə ki, “qırmızı-qaralar” Qananın “Liberti” klubunun əvəzedici heyəti ilə qarşılaşıb.

 

Komandanın əvvəlki oyunlarında olduğu kimi bu dəfə də qarşılaşmada iki qol vurulub. “Qəbələ” Antalya toplanışında ikinci məğlubiyyətini 2 cavabsız qol buraxmaqla alıb – 0:2.

 

Antalyadakı ilk oyununda eyni hesabla “Tobol”a uduzan əvəzedicilər Qana klubuna da həmin nəticə ilə məğlub olub. Almaniyanın aşağı dəstə təmsilçisi “Freyberq”lə qarşılaşmada isə tərəflərdən hərəsi bir qol vurmuşdu – 1:1.

 

Qeyd edək ki, Antalya təlim-məşq toplanışının sonunadək “Qəbələ”nin əvəzedicilərinin yenidən meydana çıxacağı planlaşdırılıb.