“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi matçın hakimi Vladimir Vnuk Azərbaycan komandaları üçün uğursuz referidir. Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovinanın Şiroki Briyeq şəhərində eyniadlı klubla baş tutacaq qarşılaşma slovakiyalının təmsilçilərimizlə 4-cü görüşü olacaq.
2009-cu ildən FİFA hakimi olan 36 yaşlı Vnuk UEFA-nın 3-cü kateqoriyasına daxildi. Onun beynəlxalq arenadakı debütü də Azərbaycan millisinin görüşünə təsadüf edib.
2009-cu il martın 21-də U-17 yığmamızın Xorvatiya ilə görüşündə debüt edən Vnuk millimizin 0:3 hesablı məğlubiyyətini qeydə alıb. 3 gün sonra Lüksemburqla qarşılaşmada da yığmamız qol vura bilməyib - 0:0.
2010-cu il oktyabrın 22-də U-17 Portuqaliyaya 0:2 hesabı ilə uduzanda da matçı slovakiyalı idarə etmişdi. İndiyədək Vnukun idarə etdiyi matçlarda qol vura bilməyən futbolçularımız bu seriyanı Bosniya və Herseqovinada qırmağa çalışacaq.
Qeyd edək ki, Qəbələdə 2:0 hesablı qələbə qazanan “Şiroki Briyeq” təmsilçimizlə iyulun 10-da qarşılaşacaq.