“Qəbələ” Türkiyəyə yollandı
05.01.2015 - 10:22
“Qəbələ” Türkiyəyə yollandı

Qış fasiləsində istirahəti başa vuran “Qəbələ” bu gündən bir araya gəlib. Apasport.az saytının məlumatına görə, komanda səhər saat 08:00-da Türkiyəyə yola düşüb.

 

Antalyada “Qloria Serenity” otelində məskunlaşacaq şimal təmsilçisinin əcnəbi məşqçi və futbolçuları kollektivə məhz orda qoşulacaq. “Qəbələ” qonşu ölkədə 7 yoxlama görüşü keçirməyi planlaşdırır. Baş məşqçi Roman Qriqorçuk yanvarın 10-da PSV-nin (Hollandiya) ikinci komandası, 14-də isə “Eskişehirspor”la (Türkiyə) görüşdə oyunçularını sınaqdan keçirəcək. Komanda yanvarın 17-də iki matç keçirəcək. Rəqiblərdən biri adı hələ məlum olmayan Qazaxıstan təmsilçisi olacaq. Digər oyun isə “Vorskla”ya (Ukrayna) qarşı baş tutacaq.

 

“Qəbələ” Antalyada bununla da kifayətlənməyəcək. Komanda yanvarın 22-də, 25-də və 29-da daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Hələ ki, həmin günlərdəki rəqiblər bəlli deyil.

 

Qeyd edək ki, “Qəbələ” Premyer Liqada qış fasiləsinə 6-cı pillədə yollanıb.