[b]“Qəbələ” və “İnter” pley-off arzusunda[/b]
05.08.2015 - 11:42
[b]“Qəbələ” və “İnter” pley-off arzusunda[/b]

Sabah Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində keçiriləcək 29 qarşılaşmadan sonra pley-offa yüksələn komandalar bəlli olacaq.

 

Qrup mərhələsinin bir addımlığınadək irəliləmək iddiasında olanlar arasında iki Azərbaycan klubu da var. Premyer Liqanın ötən mövsümünün mükafatçıları “İnter”lə “Qəbələ” növbəti sınaq qarşısındadı.

 

Tarixində ilk dəfə III təsnifat mərhələsinədək irəliləyən təmsilçilərimiz rekordlarını yeniləmək üçün ev oyununda uğur qazanmalıdı. “Qəbələ”nin buna nail olmaq ehtimalı daha yüksəkdi. Belə düşünməyə həm rəqib, həm də ilk oyunun nəticəsi əsas verir.

 

Kipr qitənin ortababları sırasında olduğundan “Apollon” keçilməz rəqib sayılmır. Üstəlik, Limasolda qollu heç-heçə edən (1:1) Roman Qriqorçukun yetirmələrini istənilən hesablı qələbə qane edir. Hətta qolsuz heç-heçə də əyalət klubunu pley-offa daşıyacaq. Yalnız zədəli Georgi Floreskunun yoxluğundan əziyyət çəkən “Qəbələ” Bakıda keçiriləcək görüşdə uğurlu seriyasını davam etdirməyə çalışacaq.

 

Belə ki, avrokuboklardakı son iki ev görüşündə eyni – 2:0 hesablı qələbə qazanan komandamız cütün taleyini öz xeyrinə həll edib. Yenə evdə oynayacaq təmsilçimiz tarixində ilk dəfə pley-offda çıxış etmək üçün yaxşı şanslara malikdi.

 

Eyni saatda meydana çıxacaq “İnter”in durumu fərqlidi. Maliyyə problemləri üzündən ciddi çətinliklər yaşayan “bankirlər” çempionatda və avrokuboklarda çıxışı sual altında olsa belə, özündə güc tapıb, iki mərhələ adlayıb.

 

Lakin bu dəfəki rəqib İspaniya “Atletik”idi. La Liqa təmsilçisi artıq püşkdən sonra cütün aşkar favoriti sayılırdı. Bilbaoda iki cavabsız qol vuran ispaniyalılar bu qələbə ilə pley-offa daha da yaxınlaşıb.

 

Zaur Svanadzenin yetirmələrinin belə vəziyyətdə mərhələ adlaması möcüzə sayılar. Bu həm də mövsümün ən böyük sensasiyası kimi də qəbul edilə bilər. Çünki paytaxt təmsilçisi 3 top fərqilə qalib gəlməlidi ki, mübarizəni davam etdirsin. İnandırıcı görünməyən 2 cavabsız qol isə penaltilər seriyası ilə nəticələnəcək.

 

Lakin “İnter” mərhələ keçməsə belə, uduzmamaqla ölkəmizin UEFA reytinqinə töhfəsini verə bilər. İspaniya klubu ilə görüşdə buna nail olmağın özü də müsbət nəticə hesab edilir.

 

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunları

6 avqust

 

21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Limassol, Kipr)

Baş hakim: Duarte Nunu Pereyra Qomes

Yan xətt hakimləri: Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome

Dördüncü hakim: Brunu Migel Duarte Payxao (hamısı Portuqaliya)

Hakim-inspektor: Draqutin Karlo Polyak (Xorvatiya)

UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya)

Bakı. "Bakcell Arena"

İlk oyun – 1:1

 

21:00. "İnter" (Azərbaycan) - "Atletik" (Bilbao, İspaniya)

Baş hakim: Sərdar Gözübüyük

Yan xətt hakimləri: Bas van Dongen, Patrik Lanqkamp

Dördüncü hakim: Dennis Hiqler (hamısı Hollandiya)

Hakim-inspektor: Kostadin Gerginov (Bolqarıstan)

UEFA nümayəndəsi: George Fantaros (Kipr)

Bakı. "İnter Arena"

İlk oyun – 0:2