Türkiyədə hazırlıqlarını sürdürən “Qəbələ” bu gün, böyük ehtimalla, sonuncu oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Yuri Syomin yetirmələrini “Volqa”nın ardından daha bir Rusiya komandası ilə oyunda sınayacaq.
Budəfəki rəqib “Torpedo” olacaq. Moskva təmsilçisi ilə oyunun başlanma saatı artıq bilinir. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
84 yaşlı Rusiya klubu müstəqillik illərində yalnız 2000-ci ildəki bürünc medalı ilə kifayətlənsə də, SSRİ vaxtı 3 dəfə çempion olmağı bacarıb. “Torpedo” SSRİ və Rusiya kubokunu isə 7 dəfə qazanıb. 2007-ci ildən Rusiyanın aşağı dəstələrində çıxış edən moskvalılar hazırda I divizionda mübarizə aparır. Aleksandr Borodyukun başçılıq etdiyi komanda hazırda 39 xalla 7-ci pillədədir.
Qeyd edək ki, “Qəbələ” bundan öncə Türkiyənin “Maltəpəspor” (1:1), “Konyaspor” (2:4), Qazaxıstanın “Tobol” (2:1), “Spartak” (1:1) və Rusiyanın “Volqa” (0:0) komandaları ilə qarşılaşıb. Syominin istəyinə uyğun olaraq yanvarın 27-də zəif komandalardan biri ilə sonuncu yoxlama oyunu da keçirilə bilər.
“Qəbələ”nin 3 qat SSRİ çempionu ilə oyununun vaxtı dəqiqləşdi
25.01.2014 - 15:31
0
0