“Xəzər Lənkəran” düşərgəsinə yeni futbolçu dəvət edib. Apasport.az saytının məlumatına görə, hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan cənub təmsilçisi braziliyalı Tieqonu transfer etməyə yaxındır.
Tam adı Villian Tieqo de Xesus olan 28 yaşlı mərkəz müdafiəçisinin son klubu “Fiqueyrense” olub.
2013-cü ili bu komandada keçirən arxa xətt oyunçusu karyerası boyu vətənində “Serqipe”, “Qremio”, “Bahia” və “Çeara”nın, Yaponiyada isə “Kioto Sanqa”nın şərəfini də qoruyub.
Villian Türkiyəyə yollanmazdan əvvəl “Fiqueyrense” azarkeşlərinə müraciət edib: “Hamınızı çox sevirəm. Qızım xəstə olarkən, klub və azarkeşlər tərəfindən aldığım dəstəyi heç vaxt unutmaram. Lakin mən aldığım təklifi dəyərləndirməyə bilmərəm. Bu üzdən sizlərlə vidalaşıram”.