İsgəndər Cavadov: ...baş məşqçi istefa haqqında düşünməlidir
28.01.2014 - 17:52
İsgəndər Cavadov: ...baş məşqçi istefa haqqında düşünməlidir

“Hazırda futzal üzrə yığmamızın səviyyəsi pis deyil. Millimizin Avropa çempionatında özünü göstərmək imkanı var. Ümid edirəm ki, komanda minimum qrupdan çıxmağı bacaracaq”. Bunu apasport.az saytına AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib.

Belçikanın Antverpen şəhərində keçiriləcək futzal üzrə Avropa çempionatına yollananlar arasında İsgəndər Cavadov da var.

 

O, millimizin qitə çempionatında şanslarını dəyərləndirib: “Düşünürəm ki, təqvim bizim xeyrimizədir. Çünki ilk turda biz istirahət edəcəyik, rəqiblərimiz isə oynayacaq. Belədə rəqiblərimizi iş başında görmək imkanı əldə edəcəyik. Bundan sonra rəqibləri yaxşı təhlil etmək olar”.

Cavadov millimiz qrup ikincisi kimi növbəti mərhələyə çıxarsa, İspaniya ilə düşəcəyimizdən də danışıb: “Gəlin, ilk növbədə qrup mərhələsindən çıxaq. Qrup mərhələsini keçməsək, baş məşqçi istefa haqqında düşünməlidir. Əgər mərhələ keçsək, bundan sonra İspaniya ilə oyun haqqında düşünmək olar. 1/4 finalda İspaniya ilə düşməmək üçün qrup birincisi olmaq lazımdır”.

AFFA İcraiyyə Komitəsinin üzvü fevralın 23-də AÇ-2016-nın püşkatması ilə bağlı verilən suala isə belə cavab verib: “Hazırda zəif rəqib yoxdur. Vacib məsələ odur ki, ilk oyundan xal toplayaq. Həmişə olduğu kimi, ancaq mərhələnin sonunda xal toplamaq lazım deyil”.

Qeyd edək ki, Avropa çempionatına bu gün start veriləcək.