“Rəvan” Kamal Bayramova problem yaradır – MÜSAHİBƏ
11.06.2014 - 13:06
“Rəvan” Kamal Bayramova problem yaradır – MÜSAHİBƏ

Türkiyənin “Girəsunspor” klubunun transfer hədəfində olan “Rəvan”ın qapıçısı Kamal Bayramovun apasport.az saytına müsahibəsi

 

- Ötən həftəsonu Türkiyədə, “Girəsunspor”un düşərgəsində idiniz...

- Düzdü, amma hazırda Gəncədəyəm. “Rəvan”la problemim var. Onu həll etməyə çalışıram.

 

- “Rəvan”la hələ 1 illik müqaviləniz var, problem budu?

- Elədir. 30-40 dəqiqəyə “Rəvan” rəhbərliyi ilə əlaqə saxlayacağam. Görək, necə olur...

 

- Klub rəhbərliyi transferiniz üçün “Girəsunspor”dan pul istəyir?

- Hə, başqa nə olacaq ki?

 

- Konkret nə qədər?

- Konkret məbləğ yoxdur. İndi onu öyrənməyə çalışıram.

 

- Türkiyə mətbuatında “Rəvan”ın “Girəsunspor”dan 50 min dollar tələb etdiyi yazılıb. Bundan xəbəriniz var?

- 50 min? Mən heç 50 mini burda alıram ki? (gülür). Amma ola bilər. Konkret cavab istəyirsinizsə, 1 saatdan sonra mənimlə əlaqə saxlayın. Ya mən bu il futbol oynayacağam, ya da ki karyeramı bitirəcəyəm.

 

- Ola bilərmi ki, özünüz müəyyən pul ödəyib transfer vərəqini “Rəvan”dan alasınız?

- Bunun üçün mən ödəyə biləcəyim məbləği kluba demişəm.  

 

- Sizə “Girəsunspor”dan təklif necə gəldi?

- Bu klubdan qabaq Əsgər müəllim (“Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev – red.) mənə təklif göndərmişdi. O, Azərbaycanda işinə və özünə hörmət etdiyim məşqçilərdən biridir. Onun təklifini həyatı boyu geri çevirmərəm. Üstəlik, Naxçıvan elə yerdir ki, orda oynamaq hamının gələcəyi üçün yaxşıdır. Sadəcə, “Girəsunspor”un rəhbərliyi birbaşa mənimlə əlaqə saxlayıb. Halbuki mən onları axtarmamışam. Mənimlə əlaqə saxlayan həmin klubun prezidenti olub.

 

- Orda olduğunuz müddətdə məşq etdiniz?

- Yox, orda məşq etməmişəm. Klub prezidenti dedi ki, bura gəlməyin üçün hər şeyi – təyyarə bileti, qalmağı təmin edirik. Məni orda gözəl qarşıladılar. İndiyədək klublara transfer olunmuşam, hələ belə qarşılanma görməmişdim. Orda da danışıqlarımız oldu, ortaq məxrəcə gəlib razılaşdıq. Sadəcə, qaldı transfer vərəqimi “Rəvan”dan almağım.

 

- Orda hansısa kluba məxsus olduğunuzu bilirdilər?

- Bəli. Amma sizə bir söz deyim. Onların o qədər pulu yoxdur ki, həm mən istədiyim pulu versinlər, həm də “Rəvan”ın istədiyi transfer qiymətini. Klubun pulunu vermək üçün gərək mən “Girəsunspor”dan aldığımı “Rəvan”a verim. Onda da heç ora getməyimin yeri yoxdur. Düzdür, ora getməyimdə pul amili önəm kəsb etmir. Bilirsiniz ki, Türkiyənin I dəstəsi irəli getmək üçün yaxşı çempionatdır. Bunu nəzərə tutub ora gedirəm. İnşallah, inanıram ki, “Rəvan” rəhbərliyi Azərbaycan futbolunun inkişafı üçün bu yolda mənə kömək edəcək. Ora getməsəm, burda qalıb I dəstədə oynayası deyiləm. Bu isə o anlama gəlir ki, mən demək olar futbolla qurtaracağam. Hər bir idmançının başqa iş-gücü olmadığı üçün cinayətə yönəlir. Heç bir rəhbərlik də istəməz ki, onun futbolçusu işsiz qalsın və ya hər hansısa bir tüfeyli həyat sürsün. Mən də əlimdən gələn qədər çalışıram ki, bu transfer baş tutsun. “Rəvan” rəhbərliyi ilə son danışığımızda özümü çox yormayacağam. Sadəcə, bir-birimizə 2-3 sual verəcəyik. Özü də bu klub məni birbaşa müqaviləyə çağırır. Mən hələ heç bir kluba baxışa getməmişəm. Bundan sonra da getmərəm.

 

- Sizi neçə illik müqaviləyə çağırıblar?

- Mənə 2 illik müqavilə təklif olundu, ancaq mən 1 illik istədim. 1 ildən sonra münasibətlərimiz qaydasında olsa, müqaviləmi klubla artıra bilərəm.

 

- Müqavilə bağlasanız, alacağınız məbləğ “Rəvan”dakından yuxarı olacaq?

- Bəli. Əgər eyni olsaydı getməzdim. Çünki biz də gələcəyimizi düşünməliyik. Təqaüd almırıq ki, futbolu atandan sonra gözümüzü buna dikək.

 

- “Girəsunspor” başqa azərbaycanlı futbolçu da istəyir. Onun kim olduğunu bilmirsiniz?

- Mən ora tək gedib, tək də gəldim. Sadəcə, məndən Premyer Liqadan oyunçu tapmaq haqqında soruşublar. Dedim, var, axtarıb tapmaq lazımdır.  

0