“Roma”da baş məşqçi istefası reallaşıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “canavarlar” komandanın çalışdırıcısı Rudi Qarsiyanı qovub.
Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanmasına baxmayaraq, A seriyasında son vaxtlar uğursuz nəticələr əldə edən paytaxt təmsilçisi 19 turdan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Klub prezidenti Ceyms Pallotta istefa barədə bunları deyib: “Rudi Qarsiyaya klub adından təşəkkür edirəm. Birlikdə xoş günlərimiz olub. Lakin artıq ayrılıq zamanı yetişmişdi”.
“Roma” vaxt itirmədən yeni baş məşqçisini də müəyyənləşdirib. İtaliya mətbuatının məlumatına görə, 2009-2014-cü illərdə “Zenit”i çalışdırmış Luçiano Spalletti “canavarlar”ın sükanı arxasına keçib. 57 yaşlı mütəxəssis 1,5 illik müqaviləyə razılıq verib.
Qeyd edək ki, Spalletti 2005-2009-cu illərdə “Roma”da çalışıb.