Donetskin “Şaxtyor” klubundan qaçan futbolçular geri qayıdır. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçular Duqlas Kosta, Aleks Teyşeyra, İsmayili və Dentenyo klubun bazasına qayıtmağa razı olublar.
Bu barədə “Şaxtyor”un baş direktoru Sergey Palkin bildirib: “Onlar həqiqətən də yaranmış vəziyyətdə özləri üçün qorxurdular. İndi isə hər şeyi başa düşüblər və geri qayıtmaq qərarı qəbul ediblər. Onlara qarşı heç bir sanksiya olmayacaq. Bu, insan faktorudur. Digər bir səbəb olsaydı, onda sualı da başqa cür qoyardıq”.
Baş direktor onu da qeyd edib ki, komanda Kiyevdə yaşayacaq və məşq edəcək, oyunlarını isə Lvovda keçirəcək. Qeyd edək ki, bundan əvvəl komandanı tərk edən braziliyalı Fred və argentinalı Fakundo Ferreyra “Şaxtyor”a qayıdıb.