Azərbaycan millisinin və Türkiyənin “Orduspor” klubunun hücumçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi
- Tətili necə keçirtdiniz?
- İstirahətim qısa oldu. Serbiyaya, ailəmin yanına getmişdim. Cəmi 4 gün dincəlib, geri qayıtdım. Yəni, tətil uzun sürmədi.
- “Orduspor”un ilk dövrədəki çıxışını necə qiymətləndirirsiniz?
İlk dövrədə daha yaxşı çıxış edə bilərdik. Lakin durumumuz nikbin olmağa əsas verir. Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmışıq və lider “İstanbul BB”dən 3 xal geri qalırıq. Əminəm ki, fasilədən sonra daha uğurlu olacağıq. İkinci dövrədə bizi gərgin və maraqlı mübarizə gözləyir.
- Öz oyununuz barədə nə deyə bilərsiniz? Hücumçu olsanız da, az qol vurdunuz...
- 18 oyundan 15-də iştirak etmişəm. Cəmi 3 qol vurub, 1 ötürmə versəm də, yaxşı oynadığımı düşünürəm. Hər halda, klubda məndən razıdırlar. Əsas mənim nə qədər qol vurmağım yox, ön xəttə, hücumların təşkilində nə dərəcədə faydalı olmağımdır.
- Komandanızın çempion olmaq, Superliqaya vəsiqə qazanmaq ehtimalı nə dərəcədə realdır?
- “Orduspor”un turnir cədvəlindəki vəziyyəti yaxşıdır, 36 xal toplamışıq. Bu isə o deməkdir ki, hər şey yolundadır. Təbii, çatışmazlıqlar da var. Ancaq ümumilikdə komandanın çıxışı qənaətbəxşdir. Çempionat asan deyil. Superliqaya vəsiqə uğrunda ciddi rəqabət gedir. Elə klublar var ki, maddi baxımdan bizdən üstün olsalar da, turnir cədvəlində onları geridə qoymuşuq. Gözəl kollektivimiz var. Yekunda hədəfimizə çatacağımıza inanıram.
- “Orduspor”un prezidenti Nədim Türkmən siz də daxil olmaqla, komandanın üzvlərindən razıdır. Bəs siz karyeranızı bu klubda davam etdirməkdə maraqlısınız?
- Bəli. “Orduspor”la yarım illik müqaviləm var. Burada hər şey məni qane edir. Klubun qarşısına ciddi məqsədlər qoyulub. Yəni, hədəfi olan bir komandadayam. Belə bir vəziyyətdə ayrılmaq barədə düşünmək yersiz olar. “Orduspor”da hər şey ürəyimcədir.
- Başqa təkliflər var? Məsələn, Azərbaycan klublarından hansısa sizinlə maraqlanıb?
- Dediyim kimi, “Orduspor”la müqaviləm var. Başqa təkliflər, komandalar barədə düşünmürəm.
- Berti Foqts daha 2 il milli komandamıza rəhbərlik edəcək. Yenidən yığmamızın formasını geyinmək istəyi var?
- Təbii ki, var. Mən həmişə demişəm ki, millidə oynamağa hazıram. Nə vaxt çağırsalar, gələcəyəm. Serbiyalı olsam da, Azərbaycan mənə doğma ölkədir. Ən gözəl günlərimi orada keçirmişəm. Mən tərəfdən heç bir problem yoxdur. Baş məşqçi məsləhət bilsə, oynayacağam.
“Serbiyalı olsam da, Azərbaycan mənə doğma ölkədir” - MÜSAHİBƏ
07.01.2014 - 11:56
0
0