“Simurq” Litvanın ən yaxşı oyunçusu ilə anlaşdı
03.02.2014 - 16:28
“Simurq” Litvanın ən yaxşı oyunçusu ilə anlaşdı
“Bakı” klubunun transferə çıxardığı Mindauqas Kalonasın yeni iş yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ötən ilin iyununda “zolaqlılar”la 1+1 il şərti ilə müqavilə bağlayan litvalı yarımmüdafiəçi “Simurq”a keçib.

Kalonas icarə əsasında mövsümün sonunadək Zaqatala təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, 2013-cü ilin yanvarında “Rəvan”a transfer olunan, mövsümün ikinci yarısında çıxdığı 13 oyunda 8 qol vuran 29 yaşlı futbolçu diqqətləri üzərinə çəkmişdi. Litvalı pleymeyker cari çempionatda “zolaqlılar”ın heyətində ən çox oyun keçirənlərdəndir (17) və hamıdan çox – 7 qol vurub. Lakin onun komanda yoldaşları Rauf Əliyev və Əfran İsmayılova aralarında problem olduğundan, “Bakı” çıxış yolunu ötən il ölkəsinin ən yaxşı futbolçusu seçilən legioner futbolçudan qurtulmaqda görüb.