Azərbaycan millisinin hücumçusu Cihan Özkara karyerasını ölkəmizdə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş futbolçu “Simurq”un maraq dairəsindədi.
Sərgən Yalçın baş məşqçi postuna gətirildikdən sonra “Sivasspor”dan ayrılan 24 yaşlı forvard hazırda azad agent statusuna malikdi. Bu isə hücumçu axtarışında olan “Simurq” üçün göydəndüşmədi. Hazırda Türkiyədə olan klub rəhbərliyi futbolçu ilə danışıqlara start verib. Tərəflər ortaq məxrəcə gələ bilsə, Özkara yaxın günlərdə “Simurq”la rəsmi müqavilə bağlayacaq və yeni komandasının düşərgəsinə qoşulacaq.
Cihan Özkara Azərbaycan vətəndaşlığını daşıdığı üçün ölkəmizdə legioner sayılmır. Zaqatala klubunun ona üstünlük verməsinin əsas səbəbi də məhz budu. Futbolçu 2012-ci ildən milli komandamıza dəvət alır və keçirdiyi 12 oyunda 1 qola imza atıb. Forvard 2011-ci ildən formasını geyindiyi “Sivasspor”da isə cəmi 6 qol vurub.
Qeyd edək ki, qış fasiləsində Lukas Tresnak və Məhərrəm Hüseynovla yollarını ayıran “Simurq” hələlik yalnız Elnur Abdullayev və Xuan Alvaradonu transfer edib.