“Simurq”un legioneri sarı vərəqə aldığını dandı
21.02.2014 - 11:38
“Simurq”un legioneri sarı vərəqə aldığını dandı

“Ailəmdə yaranan bəzi problemlərə görə yaşadığım İsveçə getmişdim. Klubdan icazə almışdım. Fevralın 18-də isə Azərbaycana qayıtdım”. Bunu apasport.az saytına açıqlamasında “Simurq”un keniyalı dayaq yarımmüdafiəçisi Patrik Osiako deyib.

 

Topaz Premyer Liqasının XII turunun “Bakı” – “Simurq” matçının 57-ci dəqiqəsində qonaqların futbolçusu Patrik Osiakoya göstərilmiş sarı vərəqə baş hakim Ramil Diniyev tərəfindən protokolda qeyd edilməmişdi. Ancaq İntizam Komitəsi (İK) mətbuatda bu xəbər işıqlandırılandan sonra təkrarən videoyazıya baxıb və hakimin səhvə yol verdiyini təsdiqləyib. Bununla, afrikalı futbolçunun aktivinə ümumilikdə 6-cı sarı vərəqə yazılıb.

 

Bununla belə, XIII turda “İnter”lə “Şəfa” stadionunda qolsuz başa çatan görüşü vərəqə limitinə görə (“Bakı” ilə görüşdə 4-cü sarı vərəqə alıb – S.T.) buraxmalı olan Osiako 90 dəqiqə meydanda olmuşdu. Kim bilir, bəlkə də komandanın dayağı sayılan Patrik meydanda olmasaydı, “bankirlər” 3 xaldan məhrum olmayacaqdı. Bunun əvəzində isə o, XVI turun “Qəbələ” ilə matçında cəzalı durumda olmuşdu.

 

Halbuki,  “İnter”lə matçda diskvalifikasiya olunsaydı, “Simurq”un “Qəbələ”yə 1:2 uduzduğu görüşdə oynamalıydı.

 

Bu məsələ ilə bağlı Osiakonun da fikrini öyrənməyə çalışdıq. İsveçə getdiyi üçün komandasının son 2 görüşünü buraxan afrikalı futbolçu həmin matçda sarı vərəqə verildiyini danmağa çalışdı: “Mən çərşənbə axşamı gəldiyim üçün haqqımda belə qərar çıxarılmasından xəbərsizəm. Heç mənə klubdan da bu haqda bir söz deyilməyib. Ümumiyyətlə, mən həmin görüşdə sarı vərəqə almamışam. Alsaydım, hakim mənə göstərərdi və bunu protokolda qeyd edərdi”.

 

Qeyd edək ki, hakim xətası qeydə alınan adıçəkilən görüşün hakim-inspektoru isə komitə rəhbəri Xaqani Məmmədov olub.