“Biz sabah yalnız mərhələ keçmək yox, qələbə qazanmaq da istəyirik! Ancaq bunun üçün tələsməyəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunun baş məşqçisi Slaven Musa deyib.
Avroliqanın I təsnifat mərhələsinin cavab görüşü olan “Şiroki Briyeq” – “Qəbələ” matçından əvvəl meydan sahiblərinin baş məşqçisi Slaven Musa və yarımmüdafiəçisi Dino Çoriç “Petsara” stadionunun mətbuat konfransında bosniyalı jurnalistlərin suallarını cavablandırıb.
İstənilən heç-heçə “Şiroki Briyeq”i qane etsə də, Musa Qəbələdə olduğu kimi, bu dəfə də qələbəyə kökləndiklərini bildirib: “Şiroki Briyeq”in Avropa təcrübəsi “Qəbələ”dən çoxdur. Bu, meydanda özünü göstərir. Komandalar arasında fərq var. Biz bunu Azərbaycandakı ilk matçda gördük. Əlbəttə ki, biz maksimum nəticəyə köklənməliyik. Məqsədimiz Avroliqanın II təsnifat mərhələsinə vəsiqə qazanmaqdır”.
“Şiroki Briyeq”in “7” nömrəsi olan Çoriç isə Qəbələdə qalan yarımçıq işlərini sabah tamamlamaq istədiklərini qeyd edib: “Bizim Azərbaycandan yarımçıq qalan işimiz var. İşimizin qalan yarısını sabah “Petsara”da yerinə yetirəcəyik. Əgər biz ilk matçın ikinci hissəsindəki kimi oynasaq və işimizə düzgün yanaşsaq, növbəti mərhələyə keçəcəyimiz istisna deyil”.
Qeyd edək ki, bu matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.