Sivasda 16-cı dəfə keçirilən Cümhuriyyət Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin ilk oyununda məğlub olan komandalar III yer uğrunda mübarizədə güclərini sınayıb.
Beləliklə, millimizin üzvləri – Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi “Qaziantep BB” Cavid Hüseynovun sabiq komandası “Adana Dəmirspor”la üz-üzə gəlib. Görüşün 90 dəqiqəsi qolsuz heç-heçə ilə başa çatıb. Penalti seriyasında isə yenə Qaziantep təmsilçisi uğursuzluğa düçar olub.
Belə ki, adanalılar 3:1 hesabı ilə qalib gəlməklə turnirin 3-cüsü olub. “Qaziantep BB”nin vura bilmədiyi 3 penalti atışından birinin müəllifi Vaqif olub. 4-cü olan komandaya kuboku “Sivasspor”un prezidenti Məcnun Otyakmaz təqdim edib.
Qeyd edək ki, turnirin final görüşündə “Mersin İdmanyurdu” meydan sahibi “Sivasspor”a əlavə olunmuş dəqiqədə vurduğu qolla 3:2 hesabı ilə qalib gəlib. Millimizin hücumçusu Cihan Özkara bu görüşdə də meydanda olmayıb.