Topaz Premyer Liqasının XXVII turu daha bir əzmkar qələbə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”la ev oyununda məğlub duruma düşən “Xəzər Lənkəran” oyunda dönüş yaratmağa müvəffəq olub.
Belə ki, səfərdə oynayan sumqayıtlılar hesabı açsa da, cənublular 3:2 hesabı ilə qalib gəlib. Bu da “Xəzər Lənkəran”ın mövsümdə 2-ci böyük hesablı qələbəsidi.
Əyalət klubu XI turun “Simurq”la ev oyununda da eyni qəhrəmanlığa imza atmışdı. “Simurq”un hesabı açdığı həmin görüşdə meydan sahiblər 2:1 hesabı ilə qalib gəlmişdi.
Ümumilikdə isə cari mövsümün arxada qalan hissəsində 18 əzmkar qələbə qeydə alınıb. “Qəbələ” hamıdan çox – 4, “Qarabağ” 3 dəfə hesabda geridə olduğu matçı öz xeyrinə başa vurub. AZAL, “Neftçi”, “Simurq” və “Sumqayıt” da “Xəzər Lənkəran”la eyni sayda 2 əzmkar qələbəyə imza atıb. “İnter”in belə uğuru 1 dəfə qeydə alınıb. Sonuncu qələbəsini az qala unudan “Bakı” isə əzmkarlıqla 3 xal qazanmağın nə olduğunu da bilmir.
6-cı dəfə mümkün qələbəni əldən verən “Sumqayıt” isə üstün olduğu görüşlərdə uduzmağa adət edib. “Simurq” 4, “Xəzər Lənkəran” 3,, “Bakı” 2 dəfə rəqibinin əzmkarlığı qarşısında aciz qalıb. “Neftçi”, “Qarabağ” və “Qəbələ” isə 1 uğursuzluq yaşayıb. “İnter”lə AZAL isə hesabda öndə olduğu qarşılaşmalarda uduzmayıb.