“Sumqayıt”ın yeniyetmə qoçusu
29.01.2014 - 16:40
“Sumqayıt”ın yeniyetmə qoçusu

Azərbaycan futbolunda hakimlərin döyülüb-söyülməsi davam edir. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasının əsas mövzusu da hakimlərə qarşı edilən özbaşınalıqlardır. Qurum ədalət təmsilçilərini söyənlərə onları cəzalandırmaqla cavab verib.

 

“Bakcell U-17 Liqası”nın “Sumqayıt” – “İnter” matçında meydan sahiblərinin futbolçusu İbrahim Abdullayev azarkeşləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Futbolçu oyun başa çatdıqdan sonra hakimə qarşı fiziki təsir göstərməyə cəhd edib. Bütün bunlar Abdullayevin 5 oyunluq cəzalanması ilə nəticələnib.

 

U-15 Liqasının “Lokomotiv” – “Neft Qaz” matçında isə meydan sahiblərinin bolqarıstanlı çalışdırıcısı Kamen Vasiliyev hakimi təhqir edib. İntizam Komitəsi ona 5 oyunluq cəza verib.

 

U-15 Liqasının “Sumqayıt” – “Bakı” oyununda da cəzalanan məşqçi olub. Qonaqların çalışdırıcısı İlyas Qurbanov texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq cəzalanıb.

 

“Atena U-12 Liqası”nın “İnter” – “Todo” qarşılaşmasında qonaqların baş məşqçisi Emil İbrahimov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb. Onun komandası matçın 35-ci dəqiqəsində meydanı tərk etdiyi üçün kluba texniki məğlubiyyət verilib. Lakin hesab (4:0) rəqib komandanın xeyrinə olduğundan nəticə saxlanılıb.