“Biz ötən mövsümü 3-cü pillədə başa vurduq. “Qarabağ”la matç bizim üçün ötən mövsümün finalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın “Tvente” klubunun baş məşqçisi Alfred Şroyder deyib.
Mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la bugünkü cavab oyunu öncəsi mətbuat konfransına qatılıb. O bildirib ki, görüş çox vacibdir: “Biz matçın taleyini öz xeyrimizə həll etmək istəyirik. Bu işdə stadionu dolduracaq tribunalar da kömək etməlidir. Komandam üçün bu qarşılaşma özünü göstərmək üçün yaxşı şansdır. Bu dueldə məqsədimiz qrupa düşməkdir. Bizim üçün bu qələbə çox vacibdir. Avropa təcrübəsi çox önəmlidir. Çünki bunun sayəsində futbolçular həm inkişaf edir, həm də özünə daha çox güvənir. “Qarabağ” yaxşı komandadır. Onların müdafiədən hücuma sürətlə keçməsi çox təhlükəlidir. Biz də buna uyğun ehtiyatlı olacağıq. Qalib gəlmək üçün matça köklənməli və öz futbolumuzu oynamalıyıq”.