“Komanda Bakıda çətin şəraitdə 0:0 oynadı. Bu, yaxşı nəticədir”. Apasport.az saytının məlumatına görə, bunu “Tvente”nin kapitanı Andreas Byellann deyib.
Avroliqanın pley-off mərhələsinin Bakıda “Qarabağ”la keçirilən ilk oyununda “Tvente”nin danimarkalı kapitanı Byellann zədə üzündən meydanda olmadı. 26 yaşlı mərkəz müdafiəçisini kapitan kimi əslən kurasaolu olan Kuko Martina əvəzlədi. Danimarka yığmasının futbolçusu bugünkü görüşdə meydanda olacaq.
O, oyundan öncə keçirilən mətbuat konfransında “Qarabağ”la cava oyunu haqda bu fikirləri bildirib: “İndi burda oynayacağıq. Hər bir oyunçu avrokubokda oynamaq istəyir. Ona görə də səbirsizliklə bu oyunu gözləyirik. Ümid edirəm ki, biz azarkeşlərimizin dəstəyi ilə Avroliqanın qrup mərhələsinə düşməyi bacaracağıq”.
Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. “Qrols Veste” arenasında keçiriləcək qarşılaşmanın baş hakimi italiyalı Paolo Silvio Matsoleni olacaq.