“Xəzər Lənkəran” – qızıl əldən rəsmən getdi!
31.03.2014 - 14:56
“Xəzər Lənkəran” – qızıl əldən rəsmən getdi!

Topaz Premyer Liqasının XXVIII turunun arxada qalan oyunları bəzi məqamlara aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, ilk növbədə çempionluq yarışından qopan komandaların sayı artıb.

 

Belə ki, “Sumqayıt”, “Rəvan” və AZAL-ın ardından “Xəzər Lənkəran”ın da qızıl arzusu rəsmən növbəti mövsümədək təxirə salınıb.  Dünən “Qəbələ”ni məğlub edən “Qarabağ”la xal fərqinin 27-yə çatması, cənubluların ən yüksək əyarlı mükafatdan rəsmən uzaq düşməsi ilə nəticələnib. Eyni zamanda, “Qarabağ” mövsümü ən pis halda 6-cı başa vuracaq.

 

Ağdam təmsilçisinin digər 5 izləyicisi – “Neftçi”, “Bakı”, “İnter”, “Qəbələ” və “Simurq” hələ də ən azı kağız üzərində çempion ola bilər. Eyni zamanda, “Neftçi” ən pis halda 7-ci, “Bakı”, “İnter”, “Qəbələ” 8-ci olacaq. “Simurq”un isə hələ sonuncu olmaq təhlükəsi qalıb.

 

Bu isə o deməkdir ki, “Sumqayıt” da, “Rəvan” da bütün görüşlərini udmaq və digər nəticələr ümid etməklə 6-cı olmaq ümidi ilə yaşaya bilər.

 

Avrokuboklar iddiası sönməkdə olan AZAL-ın gümüşlə də vidalaşmasına gətirib çıxarıb. İndi “təyyarəçilər” nə qədər yüksəkdən uçsa da, bürüncdən artığına ümid edə bilər. Bu gün “İnter” “Rəvan”ı məğlub edərsə, AZAL üçün 3-cü yer də möcüzələrdən asılı olacaq. Çünki bunun üçün Tərlan Əhmədovun komandası 8 qələbə qazanmalı, “Bakı” ilə “İnter” öz aralarında heç-heçə edib, yerdə qalan görüşləri uduzmalı, amma paytaxt təmsilçilərindən heç olmasa biri “Qəbələ”dən də 1 xal qoparmalıdır. 

 

Təbii ki, sonuncular da daxil olmaqla, yerdə qalan klubların münasib nəticələr əldə etməsi də vacibdir.