“Xəzər Lənkəran” kimin yolunu gözləyir?
29.01.2014 - 13:13
“Xəzər Lənkəran” kimin yolunu gözləyir?

Artıq 5 futbolçunun transferini rəsmiləşdirən “Xəzər Lənkəran” mövsümün ikinci yarısı ərəfəsində daha bir oyunçu ilə güclənə bilər. Apasport.az saytının məlumatına görə, сənub təmsilçisi Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışına dəvət etdikləri, amma düşərgəyə gəlməyən braziliyalı Elias Ribeyro de Oliveyranı heyətinə qatmaqda israrlıdır.

 

Müqavilə ilə Braziliyanın “Atletiko Paranaense” klubuna məxsus olan 31 yaşlı hücumameylli yarımmüdafiəçi böyük ehtimalla, cənub təmsilçisinə Bakıda qoşulacaq.

 

Belə ki, “Xəzər Lənkəran” rəhbərliyi danışıqlar apardığı braziliyalıdan vaz keçmək fikrindən uzaqdır. Ön xətdəki problemlərin aradan qaldırılması üçün ümidlər bəslənən Eliasın artıq yaxın günlərdə ölkəmizə gəlməsi gözlənilir.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” Vyekoslav Tomiç, Slavik Alxasov, Orxan Əliyev, Tyeqo və Deyan Blajevskini transfer edib.