“Xəzər Lənkəran”da çatışmayan heç-heçə
14.02.2014 - 16:20
“Xəzər Lənkəran”da çatışmayan heç-heçə

Avropa ölkələrinin milli çempionatlarında ən çox heç-heçə edən komandaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıya Bosniya və Herseqovinanın “Selik” klubu başçılıq edir. Onlar daxili çempionatdakı 19 matçdan 11-də bərabərliklə kifayətlənib. Bu isə 57,9 faiz deməkdir.

 

Siyahıda 2-ci olan “Nürnberq” Almaniyada 55 faizlik nəticə göstərib – 20 oyunda 11 heç-heçə. Fransa “Monpelye”si də qarşılaşmalarının yarıdan çoxunda heç-heçə edən komandalardandır. Onlar 24 görüşdə 13 dəfə 1 xalla barışıb – 54,2 faiz.

 

Ümumilikdə isə siyahıda ən çox heç-heçə edən 10 klub yer alıb. Bunun üçün onlar matlarının ən azı 45 faizində bərabərlik əldə etməli idi.

 

Topaz Premyer Liqasının ən çox “sülh” bağlayan “Xəzər Lənkəran”ın 8 bərabərliyi var. Çempionatımızın rekordçusu 40 faizlik göstərici ilə Avropa “sülhsevərləri” siyahısından kənar qalıb. Bunun üçün “Xəzər Lənkəran”a 5 faiz - cəmi 1 heç-heçə çatmayıb.