“Bilirəm ki, bizim kimi “Qəbələ”yə də 3 xal lazımdır”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın rumıniyalı futbolçusu Adrian Skarlatake deyib.
“Xəzər Lənkəran”ı çətin keçən “Neftçi” ilə görüşdən (2:2) sonra daha bir gərgin matç gözləyir. Cənublular bu dəfə Qəbələyə səfər edəcəklər. “Xəzər Lənkəran”ın məqsədi hazırda çempionatda III pillədə qərarlaşan Yuri Syominin yetirmələri ilə görüşdə də 3 xal qazanmaq olacaq.
Lənkəran təmsilçisinin ardıcıl 2 oyunda “vuran ayağı”na (daha doğrusu “vuran başı” – red.) çevrilən mərkəz müdafiəçisi çətin səfər matçından da nikbin ayrılmaq istədiklərini bildirib: “Onların öz meydanlarında “Qarabağ”a məğlub olduqlarını bilirəm. Düşünürəm ki, “Qəbələ” ilə oyunumuz çox çətin olacaq. Bu komanda cari mövsüm çox güclü təsir bağışlayır. Səfərdə onları yenib 3 xal qazanmaq çətin məsələ olacaq”.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” matçı fevralın 15-də keçiriləcək.