Topaz Premyer Liqasının XXIII turu çərçivəsində fevral ayının 23-də səfərdə AZAL klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” dünən Bakıya yollanaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən “Sheraton Hotel Baku”-da məskunlaşıb. Apasport.az saytının məlumatına görə, Cənub təmsilçisi “təyyarəçilər”lə oyunun hazırlıqlarına bu gün start verərək, “Dalğa Arena” stadionunda məşqə çıxacaq.
Zədəli futbolçulardan başqa bütün komandanın qatılacağı hazırlıq prosesi əsasən toplu çalışmalar, taktiki hazırlıq və iki tərəfli oyundan ibarət olacaq.
“Bakı” ilə son matçda zədələnərək, əvəzlənmə ilə meydanı tərk etməli olan kapitan Rahid Əmirquliyev dünən özəl klinikalardan birində həkim müayinəsindən keçib. Müayinələrin cavabları bu gün təqdim olunacaq və məhz bundan sonra onun zədəsinin nə qədər ciddi olmasına aydınlıq gələcək. “Ağ-yaşıllar”ın digər zədəlisi Rasim Ramaldanovdan fərqli olaraq, sağalmaq üzrə olan Adrian Pit artıq özünü yaxşı hiss edir və məşqlərə qatıla bilir.
Məbbə: 12cioyuncu.info