“Xəzər Lənkəran”ın maraqlandığı məşhur futbolçu kimdir?
23.01.2014 - 12:21
“Xəzər Lənkəran”ın maraqlandığı məşhur futbolçu kimdir?

“Xəzər Lənkəran”ın maraq dairəsinə düşən Florin Çernat karyerasının ən parlaq dövrünü Kiyev “Dinamo”sunda keçirib. Apasport.az saytının məlumatına görə, Rumıniyada “Otselul” və Buxarest “Dinamo”sunda oyandıqdan sonra yarımmüdafiəçi əfsanəvi Valeri Lobanovskinin diqqətini cəlb edib.

 

Mütəxəssis 1998/99 mövsümündə ölkə çempionu, növbəti futbol ilində “Qızıl dubl” müəllifi olan 21 yaşlı gənci Ukrayna paytaxtına dəvət edib. Lobanovskinin tapıntısı ondan sonra da “Dinamo”ya fayda verməsi ilə seçilib. 2001-09-cu illərdə bu klubda çıxış edən oyun qurucusu 5 dəfə çempion adını, 3 dəfə gümüş mükafatı, 4 dəfə kubok, 2 dəfə Superkuboku, 1 dəfə “Birlik kuboku”nu qazanıb.

 

Elə Kiyevdə çıxış etdiyi vaxtlar Rumıniya millisinə çağırılmağa başlayan Florin 2002-04-cü illərdə 14 görüşdə 2 qol vurub. Oyun qurucusu Gürcüstan və Andorra ilə matçlarda fərqlənib.

 

2007/08 mövsümündə Xorvatiya “Hayduk”una icarəyə verilən, 2009-cu ildə isə Split təmsilçisinə keçən Çernat bu ölkədə də kubok qazanmağa nail olub.

 

Florin 30 yaşında Türkiyəyə yollanıb. 2010-12-ci illərdə “Karabükspor”da çıxış edən yarımmüdafiəçi 2013-cü ilin martında Mustafa Dənizlinin diqqətini cəlb edib. Həmin vaxt Türkiyənin I liqasında mübarizə aparan “Çaykur Rizəspor”un baş məşqçisi olan mütəxəssis rumıniyalını komandasına cəlb edib. Lakin onların birgə fəaliyyəti qısa sürüb. Komandanı Superliqaya çıxaran Dənizli postunu tərk edib.

 

Hazırda Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın “Çaykur Rizəspor”la qolsuz başa çatan yoxlama oyununda isə Dənizli ilə Çernat yenidən görüşüb. Qolsuz başa çatan oyundan sonra türkiyəli mütəxəssis yarımmüdafiəçinin transferin etmək istəyində bir daha əmin olub. Rizə təmsilçisinin legioner limiti üzündən bəzi əcnəbiləri yola salmaq istəyindən də xəbərdar olan Dənizli bundan yararlanmaq niyyətindədir.

 

Qeyd edək ki, Çernat avrokuboklarda 45 oyun keçirib və 6 qol vurub.