“Xəzər Lənkəran”ın məğlubiyyətsiz oyunlar seriyası qırıldı
20.02.2014 - 10:50
“Xəzər Lənkəran”ın məğlubiyyətsiz oyunlar seriyası qırıldı

“Xəzər Lənkəran”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXII turunda öz meydanında “Bakı”ya yenilən cənub təmsilçisi türkiyəli baş məşqçi Mustafa Dənizlinin rəhbərliyi altında ilk dəfə xalsız qalıb.

 

Bu matçda 0:2 hesabı ilə uduzan “Xəzər Lənkəran” çempionatdakı son 8 oyununda uduzmamışdı. “Ağ-yaşıllar” sonuncu dəfə XV turda meydanı başıaşağı tərk etmişdi. Maraqlıdır ki, onda da cənublular zərbəni “Bakı”dan almışdılar.

 

2013-cü il noyabrın 22-dəki qarşılaşmada bakılılar öz meydanında 3:0 hesabı ilə qalib gəlmişdi. 89 gündən sonra uduzan komanda bu müddətdə 4 qələbə qazanmış və 4 heç-heçə etmişdi. Kubok qarşılaşmasını da nəzərə alsaq, “Xəzər Lənkəran” ardıcı 9 oyunda uduzmayıb.

 

Dənizlinin seriyası isə daha qısa olub. Ötən ilin dekabrında bu posta gətirilən türkiyəli 7 məğlubiyyətsiz matçdan sonra yenilgi üzüntüsü yaşayıb. Bu matçlarda biri kubokda olmaqla, 5 qələbə və 2 heç-heçəsi olan mütəxəssis üçün ilk uğursuzluq doğma arenada qeydə alındı.